Mədəniyyətlərin dialoqu və bəşəriyyətin gələcəyi
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Beynəlxalq Lixaçov Elmi Oxumaları keçirilmişdir. Bu mötəbər kulturoloji forumun işində dünya ölkələrindən ən görkəmli alimlər iştirak etmişlər.
Ölkəmizi həmin tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “İntellektual İnkişaf Probleməri” Beynəlxalq Elmər Akademiyası və Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov təmsil etmişdir. Forumda müzakirə edilən məsələlər, qloballaşma şəraitində mədəniyyətlərin dialoqu, inkişafı, mədəniyyət münaqişələrinin həlli istiqamətində bəşəriyyətin gələcəyinin aktual vəzifələri barədə F. Məmmədov əməkdaşımızla söhbətində demişdir: -Forumda “Qloballaşma və milli mədəniyyətlərin inkişafı”, “Mədəniyyətin müasir inkişafı: dəyərlər və mənalar”, “İqtisadiyyat və hüquq dünya mədəni inkişaf kontesktində”, “Mədəniyyət və kommunikasiyalar”, “Sosial-əmək münaqişələri” kimi və digər problemlər müzakirə edilmişdir. Görkəmli Rusiya akademikləri M.V. Piotrovski, A.S.Zapesotski, V.A.Tişkov, V.S.Stepin, Y.B.Borin, V.A.Lektorskiy, M.L.Titarenko, Beynəlxalq Elm və İncəsənət Akademiyasının prezidenti Feliks Unqer, həmçinin Böyük Britaniya, Avstriya, Şotlandiya, İspaniya və bir çox digər ölkələrdən tanınmış alimlər, dövlət xadimləri və səfirlər məruzələrlə çıxış etdilər.
Çıxış edənlər qeyd etdilər ki, hər bir millətin, hər bir ölkənin nüfuzu onun mədəniyyəti ilə müəyyən edilir. Ruhi mədəniyyət- intellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti olmadan səmərəli siyasət və rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafı mümkün deyil. Akademik M.B.Piotrovski qeyd etdi ki, müasir insan müxtəlif mədəniyyətlərdə yaşamağı bacarmalıdır. Lakin dünyada qarşısının alınması tələb olunan destruktiv proseslər gedir ki, dünya alimləri də bunun üçün cavabdehdirlər. Bütün dünyada gərginliyə aparıb çıxaran, qlobal siyasətdə güc kultunun üstünlük təşkil etməsi, ictimai rəyin-müəyyən qüvvələrin maraqlarına əsaslanan qeyri-obyektiv formalaşması, yaradıcıların deyil, istehlakçıların formalaşması tendensiyaları; vicdan qorxu ilə əvəz olunur; cahillik, vəhşilik və neobarbarlıq artır ki, bunlar da bəşəriyyətin ruhi mədəniyyətinin ümumi səviyyəsinin enməsinə gətirib çıxarır. “Mədəniyyətsizlik sunamiləri” bir çox ölkələri və xalqları əhatə etmişdir. Qloballaşma şəraitində mədəni özünəməxsusluğun qorunması, müxtəlif dəyərlərə və müxtəlif ölçülərə əsaslanan mədəniyyət münaqişələrinin həlli mühüm vəzifədir. Akademik A.S.Zapesotski qeyd etdi ki, kulturologiya BMT-nin və YUNESKO-nun qarşısında duran bir çox çağırışlara və suallara cavab verməyə qadirdir. Mədəniyyətlərin dialoqu əsasında insanların enerjisini yaradıcı məcraya yönəldərək o, beynəlxalq münaqişələrin qarşısının alınmasına yardım etməlidir. Düzgün sosial-mədəni qərarlar xalqın mütərəqqi və sabit inkişafı üçün imkanlar pəncərəsi açır ki, burada kulturoloji yanaşmanın rolu vacibdir, çünki mədəniyyətdən kənar heç bir nizam-intizam, heç bir biliklər sahəsi mövcud deyil. Siyasət və iqtisadiyyat sahəsindəki tədqiqatlar mədəniyyət kontekstindən kənar həyata keçirilə bilməz. Bunu nəzərə alaraq, kulturoloqlar səmərəli siyasətin əsasını təşkil edən biliklər generasiya etməlidirlər.
O həmçinin diqqətə çatdırdı ki, hakimiyyətin səriştəliliyi yeni-yeni qanunların hazırlanmasında deyil, məmurların idarəetmə mədəniyyətində və qanunun bütün cəmiyyət tərəfindən icra edilməsi mədəniyyətində daha artıq dərəcədə öz ifadəsini tapır. Beynəlxalq Elm və İncəsənət Akademiyasının prezidenti Feliks Unqer, insanların həyatının qorunmasının əsasını həyatın özünün, məhəbbət, ədalət, təhsil və digər baza dəyərlərini təşkil etməli olduğu haqqında danışdı.
Bununla bərabər o, həm elmi, həm də ümumi humanitar kommunikasiyanı, o cümlədən dinlərarası dialoqu daxil edən mədəniyyətlərin dialoquna “genom” (fənlərarası, kulturoloji - F.M.) yanaşmanın vacibliyini vurğuladı. Vətəndaşları inkişaf texnologiyasının bir hissəsi və hərəkətverici qüvvə kimi nəzərdən keçirərək Rusiyanın İspaniyadakı keçmiş səfiri X.Mark mühüm ictimai kommunikasiya amili olan vətəndaş mədəniyyətinin inkişaf vacibliyini nəzərə çarpdırdı.
Beynəlxalq Lixaçov Elmi Oxumalarının işinin təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir: -Mədəniyyətlərin dialoqunun bərabərliyi ehtimal etməsi qanunauyğunluğunu nəzərə almaq lazımdır. İntellektual və etik bərabərlik olmadan tərəflərin hörməti və qarşılıqlı anlaşması mümkün deyil. Bu, intellektual, etik, həmçinin hüquqi və idarəetmə mədəniyyətinin prioritet inkişafının vacibliyinin, müasir dünya siyasətində ənənələrin və insan hüquqlarının bacarıqla birləşdirilməsi zəruriliyinin bir daha xüsusi olaraq qeyd edilməsidir. -Uğurlu dövlət idarəçiliyi və inkişaf şərtlərindən biri olan həyat qabiliyyətli ümummilli mədəni identikliyin işlənib hazırlanması üçün düşünülmüş sosial-mədəni siyasətin köməyi ilə cəmiyyətin müxtəlif sosial təbəqələri, kateqoriyaları və qruplarının-alimlərin və müəllimlərin, həkimlərin, siyasətçilərin və məmurların, incəsənət xadimlərinin, sahibkarların, muzdlu işçilərin, qadınların və gənclərin submədəniyyətlərinin inteqrasiyasını məqsədyönlü şəkildə həyata keçirmək lazımdır. -Milli və beynəlxalq inkişaf üçün strateji əhəmiyyətə malik olan və şəxsiyyət və liderlərin mədəniyyətinin inkişafına yardım edən milli və beynəlxalq kulturoloji tədqiqatları hərtərəfli inkişaf etdirmək lazımdır.
Bu zaman mədəniyyət enerjisinin həyat tələbatları və dünya inkişaf tendensiyaları ilə şərtlənən konkret nəticələrə yönəldilməsi vacibdir.
A.SADIQOĞLU
Xalq qəzeti.- 2013.-
12 iyun.- S. 6.